Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkənin Rimini şəhərində keçirilən beynəlxalq turizm sərgisində respublikamızın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ayrıca guşə ilə iştirak etməsinin qarşısını alıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bütün imkanlardan məhrum olan Ermənistan tərəfi sərgidə Ermənistan Respublikasına aid olan guşədə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə bağlı bir sıra broşurlar nümayiş etdirməklə məhdudlaşıb.
«Səfirlik Ermənistanın turizm sərgisini siyasi təxribat obyektinə çevirmək məqsədi daşıyan bu kimi cəhdlərinin də qarşısının alınması istiqamətində İtaliyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı qismində çıxış edən şirkətlərlə təmaslarını davam etdirir”, – deyə məlumatda bildirilir.
XİN-in məlumatında qeyd olunur ki, Ermənistanın beynəlxalq turizm sərgisini belə siyasi təxribat obyektinə çevirməsi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimi təbliğ etməsi və hətta bu əraziləri Ermənistan ərazisi kimi təqdim etməsi cəhdləri bir daha onu göstərir ki, rəsmi Yerevanın danışıqlarda iştirakı yalnız imitasiyadır, Ermənistanın əsl məqsədi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamaq, işğal edilmiş əraziləri ilhaq etmək və bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə maneə olmaqdır.
F.İsazadə