Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2015-ci ildə Həcc ziyarətinin təşkili səviyəsindən narazıdır. Bu barədə QMİ sədri şeyxülislam Hacı Alahşükür Paşazadə bəyan edib.
“Zəvvarlarımızın səfəri barədə mənə məlumat verilib. Nəqliyyat - avtobuslar, təyyarələrlə bağlı problemlər olub. Bu problemlər bizdən asılı olmayıb. Biz tərəfdən bütün maliyyə problemi həll edilib”, - deyə A.Paşazadə ANS telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının “AirNAS” aviaşirkəti QMİ qarşısında qoyduğu şərtə əsasən, zəvvarların gəlişin Azərbaycan tərəfi, geri qayıdışını isə Səudiyə Ərəbistanı təşkil edir, və ya əksinə, “başqa cür mümkün deyil”.
“Biz razılaşmaq məcburiyyətində qaldıq. Qiymətləri isə çox bahadır”, - deyə şeyx qeyd edib.
O, aviaşirkətin zəvvarları təyyarə ilə vaxtında təmin edə bilmədiyinə görə narazılığını bildirib. Bundan başqa, şeyxin sözlərinə görə, 20 ədəd avtobusun ayrılacağı vəd olunsa da, zəvvarlara yalnız 10 ədəd avtobus ayrılıb. Bu da azərbaycanlı zəvvarların narazılığına səbəb olub.
“Həmçinin su qıtlığı olub. Zəvvarlarımız suyu Məkkədə doldurmağa məcbur olublar. Göstərdiyi xidmətlərə görə hesabı qabaqcadan ödənilən yemək çatdırma ilə məşğul olan şirkət isə yeməyi saat 12:00-da gətirirdi, baxmayaraq ki, saat 9:00-dək artıq çatdırılmalı idi”, - deyə A.Paşazadə vurğulayıb.
“Biz şikayətlərimizi yazılı şəkildə göndərəcəyik. Əlahəzrət Kral (Səudiyyə Ərəbistanının - İF-Az) orada böyük işlər görmək istəyir, lakin daha aşağı səviyyələrdə təmsil olunanqüvvələr işlərinə tam məsuliyyətlə yanaşmırlar”, - deyə o əlavə edib.
QMİ sədri qeyd edib ki, bu il zəvvarların üzləşdiyi çətinliklər “süni şəkildə yaradılıb”.
“Onlar ən azından süni yaradılan çətinliklərə bənzəyib. Ola bilsin ki, bu, belə deyil, lakin fikrimcə, bu, belədir”, - deyə deyə A.Paşazadə bildirib.
Qafqazın şeyxi zəvvarlar arasında çoxsaylı tələfata səbəb olmuş faciəyə də toxunub. O deyib ki, qurbanların sayının 600 nəfərdən 5 min nəfərə qədər olmasına dair müxtəlif rəqəmlər gətirilib.
“Həlak olanların sayının artmasına xəsarət alan zəvvarlara vaxtında tibbi yardımın göstərilməməsi də səbəb olub. Görünür, bu il Həcc ziyarəti ilə məşğul olan şirkətlər, istər hərbi və ya digər strurkturlar olsun, qarşılarında duran vəzifələri yerinə yetirə bilməyiblər”, - deyə o vurğulayıb.
A.Paşazadənin sözlərinə görə, Səudiyyə Ərəbistanında baş verən faciə bu ölkənin daxili işi deyil və bütün dünya müsəlmanları faciənin səbəbkarlarını tanımalıdırlar.
“Mən orada olmadığıma görə səbəbi deyə bilmərəm. Lakin bu baş verdi. Ölüm faktı (zəvvarların - İF-Az) və bunun günahkarları var. Bu hadisələrə görə məsuliyyət daşınmalıdır. Həmin şəxslər faciəyə görə cəzalandırılmalıdırlar. Bu məsələ yalnız Səudiyyə Ərəbistanının daxili işi deyil, o, bütün dünya müsəlmanlarına aiddir. Bütün dünyanın faciədə məhz kimin günahkar olmasını bilməsi yaxşı olardı”, - deyə o vurğulayıb.
F.İsazadə