“AccessBank” yeni “myAccess” İnternetBankinq xidmətini istifadəyə verib. Bu barədə bankın məlumatında deyilir.
“myAccess” xidməti Mərkəzi Avropada internet bankinq sistemlərinin hazırlanması üzrə aparıcı şirkətlə birlikdə işlənib hazırlanıb. Bu təchizatçı daha əvvəl bu cür layihələri dünyanın iri bankları üçün həyata keçirərək onlara yerli bazarlarda İnternet bankinq üzrə aparıcı mövqe tutmağa imkan yaradıb.
Məlumatda bildirilir ki, “myAccess” xidmətinin istifadəyə verilməsi bazarda hökm sürən hazırki mürəkkəb şəraitə rəğmən “AccessBank” çoxsaylı müştərilərinə elektron bankinq üzrə ən qabaqcıl xidmətlər təklif etmək üçün müasir bank texnologiyasına sərmayə yatırmaqda davam edir.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, “Access Holding” və “LFS Financial Systems GmbH” şirkətidir.
A.Əzizov