Azərbaycanda Qırmızı kitaba daxil edilmiş bəbirin öldürülməsi ilə əlaqədar cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Astara rayonunun Sım kəndində yerləşən meşə zonasında atasına məxsus ov tüfəngindən atəş açmaqla ovlanması tamamilə qadağan olunmuş Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmiş bir ədəd bəbiri öldürmüş kənd sakini Natiq Böyükağazadə barəsində Cinayət Məcəlləsinin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
O, bəbirin dərisini oktyabrın 9-da Astara rayonunun Çükəş kəndində qohumu Səməd Fərəcovla birlikdə satmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
N.Böyükağazadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
R.Babayev