ATƏT-in baş katibi Lamberto Zanyer hesab edir ki, Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyət bütün region üçün təhlükədir.
“Bu, çox təhlükəli vəziyyətdir. Bir neçə insident baş verib və onların xarakteri təhlükə törədir, çünki bu, regionda və Azərbaycan-Ermənistan sərhədində qeyri-sabitliyə səbəb ola bilər”, - deyə L.Zanyer RF xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
ATƏT-in baş katibi xatırladıb ki, Ermənistan və Azərbaycan prezidentləri yaranmış vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda “görüş keçirməyi planlaşdırırlar”.
“Düşünürəm ki, bu elə bir məqamdır ki, beynəlxalq birlik hər iki tərəfə təzyiqi gücləndirməli və diqqəti bu vəziyyətin siyasi yolla həlinə yönəltməlidir”, - deyə o vurğulayıb.
Onun sözlərinəgörə,“ATƏT-in bu regionun monitorinqi ilə məşğul olan xüsusi qrupu var, lakin bu qrup daimi deyil, xüsusi qrupdur və zərurət yarandıqda toplanır”.
“Biz yer üzündə tətbiq edilməsi zəruri olan bir sıra tədbir və prinsiplər hazırlamışıq, xüsusilə insidentlərin araşdırılması ilə bağlı mexanizmlər yaratmalıyıq”, - deyə L.Zanyer məlumat verib.
“Biz hər iki tərəfin bu məsələnin həllinə öz töhfəsini verməsi üçün bu istiqamətdə hərəkət etməliyik. Biz hadisələrin inkişaf dinamikasını izləyirik və düzünü deyim ki, xüsusilə ağır silahların istifadə olunması narahatlıq doğurur”, - deyə baş katib qeyd edib.