Gürcüstanın baş naziri İrakli Qaribaşvili siyasi opponentlərinin guya Gürcüstan hakimiyyətinin qaz sahəsində Azərbaycanla münasibətlərini təkrar nəzərdən keçirmək niyyətində olmasına dair bəyanatlarını cəfəngiyyat adlandırıb.
“Azərbaycanla qarşılıqlı əlaqələrin təkrar gözdən keçirilməsi planlaşdırılmır. Azərbaycanla strateji münasibətlər olub, mövcuddur və dövlətimiz və hökumətimizin əsas istiqamətlərindən biridir”, - deyə İ.Qaribaşvili bazar ertəsi jurnalistlərin “Qazprom” ilə danışıqlara və ölkəyə tədarük olunan Azərbaycan qazının Rusiya qazı ilə əvəzlənməsi mümkünlüyünə dair suallarını cavablandırarkən bəyan edib.
Hökumət başçısı Azərbaycanla bağlı siyasəti təkrar gözdən keçirmək barədə ümumiyyətlə düşünmür.
“Bəzi siyasətçilər Azərbaycanla bağlı siyasətin təkrar nəzərdən keçirilməsi barədə necə düşünə bilər? Bu, tam cəfəngiyyatdır. Müxalifət partiyalarımızın nümayəndələrinin bu cür cəfəng mövzunu uydurması məni təəəccübləndirir. Bu mövzuya görə onlar məsuliyyət daşıryırlar. Azərbaycan qazının heç bir diversifikasiyası-əvəz edilməsi barədə söhbət gedə bilməz”, - deyə İ.Qaribaşvili vurğulayıb.
Ötən şənbə günü Bakıya işgüzar səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə danışan baş nazir qeyd edib ki, görüş zamanı “ölkələrimiz arasında çox sıx dostluq münasibətləri, həmçinin onların dərinləşməsi perspektivləri müzakirə olunub”.
Daha əvvəl Gürcüstanın müxalif “Vahid Milli Hərəkatı” (eks-prezident Mixail Saakaşvilinin partiyası) hökumətdən Təhlükəsizlik Şurasının çağırılmasını tələb etmişdi. Onlar hesab edirdilər ki, “Qazprom” ilə Rusiya qazının tədarük həcmlərinin mümkün artırılmasına dair danışıqların məqsədəuyğunluğuna məhz bu formatda baxılmalıdır.
Xəbər verildiyi kimi, sentyabrın 25-də baş nazirin müavini, Gürcüstanın energetika naziri Kaxa Kaladze və “Qazprom”un rəhbəri Aleksey Miller Brüsseldə görüş zamanı qaz sahəsində əməkdaşlıq, xüsusilə Rusiya qazının Gürcüstana nəqli və onun üçüncü ölkələrə, əsasən Ermənistana tədarükünə dair əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Hazırda Rusiya qazının Gürcüstana nəqli yalnız onun Ermənistana tranzitinə görə ödəniş şəklində həyata keçirilir. Buna görə tədarükün ümümi həcminin 10%-i respublikaya qalır. Azərbaycan Gürcüstana əsas qaz idxalçısıdır.