Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar iflasa məhkumdur. Bu barədə prezident İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
“Hər dəfə onların təxribatları iflasa uğrayır. Necə ki keçən ilin noyabrında bizim mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər dəfə biz onların cəzasını verəcəyik”, - deyə dövlət başçısı qeyd edib.
Prezident vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. “Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər. Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk”, - deyə o qeyd edib.
“Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni, Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır”, - deyə ”, - deyə İ.Əliyev bəyan edib.
Dövlət başçısı təəssüflə bildirib ki, “bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir”.
“Ona görə, onlar azğınlaşıblar və bizə qarşı müxtəlif təxribatlara əl atırlar. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik”, - deyə prezident vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
“Ermənistanın cinayətkar rəhbərliyi bu gün erməni əhalisi üçün təhlükə mənbəyinə çevrilib. Ermənistanın bugünkü hakimiyyəti hərbi canilərdir, Xocalı soyqırımını törədənlərdir. Azərbaycan torpaqlarının işğalında dinc əhaliyə qarşı aparılan etnik təmizləmə siyasətində fəal iştirak edənlərdir. Onlardan bundan artığını gözləmək mümkün deyil. Ancaq o da həqiqətdir ki, bu gün Ermənistanda hökm sürən xunta və diktatura rejimi Ermənistan xalqı üçün də təhlükəyə çevrilib. Ermənistan xalqı da artıq buna dözə bilmir, bu kriminal, korrupsioner rejimdən bezib”, - deyə Azərbaycan prezidenti bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Ermənistandan böyük köç gedir
“Vəziyyət o həddə çatıb ki, onlar indi Azərbaycana pənah gətirirlər, Azərbaycana gəlirlər. Görün bu rejim nə dərəcədə azğınlaşıb, əhaliyə qarşı nə qədər çirkin əməllər görür ki, hətta bu gün Azərbaycana Ermənistandan insanlar köçür və burada rahat yaşayır. Çünki Azərbaycanda nəinki milli, dini zəmində heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da ola bilməz”, - deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu gün güclü ölkədir, regional təhlükəsizlik məsələlərində çox müsbət rol oynayır.
“Heç bir obyektiv amil yoxdur ki, Ermənistan bu diktatura rejimi altında inkişaf etsin”, - deyə İ.Əliyev vurğulayıb.
R.Babayev