2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-neft sektoru 6,4% artıb. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib.
“Hesabat dövründə ümumi daxili məhsul 3,7% artıb. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6,4% olub”, - deyə Ş.Mustafayev bazar ertəsi Nazirlər Kabinetinin 2015-ci ilindoqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duranvəzifələrə həsr olunmuş iclasında bildirib.
Ş.Mustafayevin çıxışının mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc olunub.
Nazir qeyd edib ki, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artıb.
“Ümumilikdə, 9 ayın yekunları üzrə qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68,8%-ə çatıb”, - deyə o əlavə edib.
2015-ci ilin yekunları üzrə Azərbaycan hökuməti qeyri-neft ÜDM-in artımını 5,9% səviyyəsində proqnozlaşdırır.
2014-cü ildə Azərbaycanda qeyri-neft sektoru 7% artıb.
A.Əzizov