2015-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin profisiti 0,4 mlrd. manat və ya büdcə gəlirlərinə nisbətən 5,8% təşkil edib.
“Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin mədaxili 12,1 mlrd. manat, xərcləri 11,7 mlrd. manat təşkil edib”, - deyə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bazar ertəsi Nazirlər Kabinetinin 2015-ci ilindoqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duranvəzifələrə həsr olunmuş iclasında bildirib.
Nazirin çıxışının mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc edilib.
Onun sözlərinə görə, hesabat dövründə gəlirlər üzrə proqnoz 99,6%, xərclər üzrə proqnoz 74,3% icra olunub.
Ş.Mustafayev vurğulayıb ki, hesabat dövrü ərzində büdcə gəlirlərinin 68,4%-i qeyri-neft sektorunun payına düşüb. “Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu cür gəlirlərin həcmi 11,6% artıb”, - deyə o əlavə edib.
Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat, kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində təsdiq edilib.
Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, 2015-ci ilin yekunları üzrə dövlət büdcəsinin faktiki gəlirləri 17 mlrd. 80 mln. manat, xərcləri 17 mlrd. 730 mln. manat, kəsiri 650 mln. manat və ya ÜDM-in 1,1%-ni təşkil edəcək.
A.Əzizov