Azərbaycan prezidenti İlham Əliyev bir sıra ikitərəfli sənədləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Belə ki, İ.Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanmış Birgə Bəyannaməni və “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” 2015-ci il mayın 20-də Varşava şəhərində imzalanmış Sazişi təsdiq edib.
Bundan başqa, prezident “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” 2015-ci il martın 21-də Bakı şəhərində və 2015-ci il aprelin 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.
Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” 2015-ci il mayın 19-da Daşkənd şəhərində imzalanmış Saziş, eləcə də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında 2015-ci il mayın 14-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu və "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu da təsdiq edilib.
Dövlət başçısının təsdiq etdiyi sənədlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” 2015-ci il mayın 25-də Bakı şəhərində imzalanmış Saziş də var.
F.İsazadə