Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı və eyni zamanda Qvatemala Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov Azərbaycan Respublikasının suveren ərazisinin istilasını və hərbi işğalını pisləyən qətnamənin qəbul edilməsinə görə Qvatemala Konqresinin rəhbərliyinə təşəkkürünü ifadə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə səfirlikdən məlumat verilib.
Səfir İ.Muxtarov Qvatemala Konqresinin sədri Luiz Armando Rabbe Texada ilə görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalısoyqırımı ilə bağlı səs çoxluğu ilə qətnamənin qəbul edilməsinə və bu münaqişə ilə əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında Qvatemalanın tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü ifadə edib və bunun münaqişənin sülh yolu ilə həllinə inkişafına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Qvatemala parlamentinin sədri ölkəsi üçün də ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinin vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, tarixən soyqırımlardan əziyyət çəkən bir ölkə olaraq Qvatemala Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, sərhədlərinin toxunulmazlığına və ərazi bütövlüyünə hörmətlə yanaşır.
Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirən Luiz Armando Rabbe Texada deyib ki, Qvatemala Konqresi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin qəbul edilməsi ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, oktyabrın 6-da Qvatemala Konqresi tərəfindən Azərbaycan Respublikasının suveren ərazisinin istilasını və hərbi işğalını pisləyən, eləcə də Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT-nin qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizamlanması üçün Ermənistan Respublikasına çağırış edilən qətnamə qəbul edilib.
F.Hüseynzadə