“PAŞA Bank” “Factors Chain International” Beynəlxalq Faktorlar Assosiasiyasının (FCI) Azərbaycandan olan ilk üzvü seçilib.
“FCI-da iştirak Azərbaycanın faktorinq bazarının əsas iştirakçısı olan “PAŞA Bank”a beynəlxalq faktorinq bazarına çıxmaq imkanı verir”, - deyə bankın məlumatında qeyd olunur.
“PAŞA Bank” ixrac-idxal əməliyyatları həyata keçirən şirkətlərə beynəlxalq faktorinq xidmətləri göstərəcək.
Hazırda “PAŞA Bank” öz müştərilərinə daxili faktorinq xidmətindən faydalanmaq imkanı verir. Daxili faktorinq dedikdə, həm satıcının, həm də alıcının bir ölkədə yerləşməsi nəzərdə tutulur. Faktorinq xidmətindən digər şirkətlərə (Alıcılara) məhsullarını və xidmətlərini satan şirkətlər (Təchizatçı) istifadə edə bilər. Faktorinq xidməti müxtəlif istehsal, tikinti, xidmət, satış və digər şirkətlər üçün münasib maliyyələşmə həlli ola bilər. Hazırda bu maliyyə xidməti bankın müştəriləri arasında çox geniş şəkildə yayılıb.
“Factors Chain International” dünya üzrə 270-dən artıq şirkəti özündə birləşdirən ən böyük faktorinq assosiasiyalarından biridir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycanın 5 aparıcı bankından biridir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
A.Axundov