Elektron Səhiyyə Mərkəzi vətəndaşların müraciətlərinə tez reaksiya verməyə imkan yaradır. Səhiyyə naziri Oqtay Şirəliyev belə hesab edir.
“Vətəndaşların səhiyyə ilə bağlı müraciətləri adətən təcili həll olunmalıdır. Bunu nəzərə alaraq, keçən ilin sonunda Elektron Səhiyyə Mərkəzi istifadəyə verilib”, - deyə O.Şirəliyev Nazirlər Kabinetinin 2015-ci ilindoqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duranvəzifələrə həsr olunmuş iclasında bildirib.
Onun sözlərinə görə, bu dövr ərzində Elektron Səhiyyə Mərkəzinə 22 min insan müraciət edib, onların problemlərinin əksər hissəsi yerindəcə həll olunub.
Dərmanların qiymət artımı mövzusuna toxunan nazir qeyd edib ki, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə tədbirlər proqramı hazırlanıb və tətbiq olunur. Buraya həm aptek şəbəkəsinə nəzarətin gücləndirilməsi, həm satılan dərmanların qiymətinin və keyfiyyətinin uyğunluğuna, həkimlərin təyinatlarına nəzarət, həm də təlimlərin keçilməsi daxildir.
“Bu günə kimi Tarif Şurası 2183 dərman vasitəsinin qiymətini təsdiqləyib və onların da qiyməti aşağı salınıb”, - deyə nazir vurğulayıb.
O.Şirəliyev onu da qeyd edib ki, “Bakı-2015” I Avropa Oyunları zamanı tibb xidməti göstərmək üçün 900-ə yaxın yerli mütəxəssis cəlb olunmuşdu. “Oyunlar müddətində müxtəlif sağlamlıq problemləri ilə 6381 müraciət olmuş və lazımi tibbi yardım göstərilmişdi”, deyə o bildirib.
A.Zeydullayeva