Azərbaycanın dövlət büdcəsinin həcminin azalması ölkə əhalisinin narahatlığına səbəb olmamalıdır. Milli Məclisin deputatı Aydın Mirzəzadə belə hesab edir.
“Azərbaycanda heç zaman ikirəqəmli inflyasiya olmayacaq və ölkəmiz heç vaxt neft gəlirlərindən asılı vəziyyətdə olmayacaq. Baxmayaraq ki, 2016-cı ilin dövlət büdcəsi bu ilin büdcəsindən kifayət qədər azdır, bu, ictimaiyyəti o qədər də narahat etməməlidir. Ötən illər ərzində Azərbaycanda iri infrastruktur layihələri reallaşdırılıb, onlara əsaslanaraq yeni layihələri sakit şəkildə həyata keçirmək mümkündür”, - deyə deputat parlamentdə 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyan edib.
Onun sözlərinə görə, gələn il büdcə vəsaitinin böyük hissəsi sosial və hərbi sahələrin inkişafına yönəldiləcək.
“Gələn ilin dövlət büdcəsi layihəsində sosial sahənin inkişafına və Azərbaycanın hərbi potensialının güclənməsinə böyük həcmdə vəsaitin yönəldilməsi nəzərdə tutulur. Düşmənə hərbi təzyiqin gücləndirilməsi onun itkisinin artmasına səbəb olur. Azərbaycanın hərbi gücünün möhkəmlənməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllini yaxınlaşdırır”, - deyə A.Mirzəzadə vurğulayıb.
R.Babayev