Göygöldən sonra Goranboyda fəaliyyətə başlayan “ASAN xidmət”in səyyar avtobusu Goranboyla yanaşı, Yevlax sakinlərinə də xidmət göstərəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Oktyabr ayının 13-dən 27-dək Goranboy və Yevlax sakinlərinə xidmət göstərəcəyik. Xidmətlər notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi kimi sahələri əhatə edəcək”, – deyə qrup rəhbəri Nail Məmmədov bildirib.
Səyyar xidmətin ilk günündə edilən müraciətlər əsasən şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının dəyişdirilməsi, sürücülük vəsiqələrinin yenilənməsi, eləcə də notariat fəaliyyəti ilə bağlı olub.
Qeyd edək ki, səyyar “ASAN xidmət” Goranboydan sonra Yevlaxa gedəcək və bu rayonla yanaşı, Tərtər sakinlərinin də xidmətində olacaq.
F.Mehdiyev