“Bank Respublika” “Vektor” pulköçürmə sistemini istifadəyə verib. Bu barədə bankın məlumatında qeyd edilir.
e-Manat terminallarının geniş şəbəkəsi vasitəsilə “Vektor” pulköçürmə sistemi Azərbaycanın 21 şəhərinə sutka ərzində istənilən vaxt pul vəsaitlərini təcili köçürmək imkanı verir.
“Müştərilərimizin tələbatlarını nəzərə alaraq, yerli bazarda yeni bank məhsulu hazırladıq ki, ölkə daxilində günün 24 saatı uyğun məkandan pulköçürmə əməliyyatlını aparmaq mümkün olsun. Məlumdur ki, pul köçürmələri əksər hallarda maddi dəstək və qohum-əqrabanın nağd pula ehtiyacı yarandıqda həyata keçirilir. Buna görə hesab edirik ki, istehlakçı üçün başlıca kriteriya asanlıq və operativlikdir”, – deyə məlumatda bankın İdarə Heyəti sədrinin müavini Aslan Abasova istinadən bildirilir.
“Vektor” sistemi üzrə pul köçürmələri yalnız ölkə daxilində və manatla həyata keçirilir. Bir tranzaksiya üzrə köçürmənin maksimal məbləği 3 min manat təşkil edir.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb. Bankın səhmdarları Almaniyanın ən iri maliyyə institutları - “KfW” bank qrupunun üzvü “DEG” İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “SIDT”dir. Bankın kapitalında onların payı 25% təşkil edir.
A.Əzizov