Belarus, Gürcüstan və Azərbaycanın opera ulduzları oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cakomo Puççininin “Toska” operasını təqdim edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrın mətbuat xidmətindən məlumat verilib.
Teatrın rəhbərliyi Skarpianın partiyasını ifa etmək üçün tamaşaya Belarus Respublikasının Milli Akademik Böyük Opera və Balet Teatrının məşhur solisti, Belarusun əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromovu dəvət edib. Kavaradossinin partiyasını ifa etmək üçün isə Gürcüstanın xalq artisti, professor, Dövlət mükafatı və vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Teymuraz Ququşvili dəvət olunub.
Toskanın partiyasını teatrın gənc və istedadlı vokalçısı, Azərbaycanın əməkdar artisti, prezident təqaüdçüsü İlahə Əfəndiyeva ifa edəcək.
Bundan başqa, tamaşada Azərbaycanın xalq artisti Əli Əsgərov, əməkdar artistlər Əkrəm Poladov və Cahangir Qurbanov iştirak edəcəklər.
Tamaşaya dirijorluğu Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov edəcək.
A.Zeydullayeva