SOCAR (AzərbaycanDövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin sonuna kimi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin reallaşdırılmasına dair qüvvədə olan saziş üzrə tərəfdaşlarla yeni müqavilə imzalamaq niyyətindədir. Bu barədə AzərbaycanDövlət Neft Şirkətinin birincivitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə günü Xəzər-Avropa Klubunun biznes forumunda bildirib.
“AÇG blokunda geoloji neft ehtiyatları 2 mlrd. ton təşkil edir, bunun 1 mlrd. tonu çıxarıla bilən ehtiyatlardır. İndiyədək “Azəri”, “Çıraq”, “Dərinsulu Günəşli” yataqlarının işlənməsi çərçivəsində ümumilikdə 381 mln. ton neft hasil edilib”, - deyə o qeyd edib.
X.Yusifzadənin sözlərinə görə, 2024-cü ilə qədər AÇG blokundan ümumilikdə 623 mln. ton neft hasil olunacaq (artıq hasil edilmiş həcm də daxil olmaqla - İF-Az).
“Biz 2024-cü ildən sonra da bu blokun işlənməsini davam etdirmək istəyirik. 2015-ci ilin sonuna qədər BP və digər tərəfdaşlarla AÇG blokunun işlənməsinə dair qüvvədə olan müqavilə üzrə yeni müvafiq müqavilə imzalanacaq”, - deyə o qeyd edib.
X.Yusifzadə məlumat verib ki, “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının işlənməsinə dair yeni müqavilə imzalandığı halda BP şirkəti blokdan neft hasilatının həcminin artırılması üzrə işlər həyata keçirməyə söz verib.
“Xüsusilə şirkət mövcud platformaları genişləndirməyi və onlardan 150-yə yaxın quyunun qazma işlərini həyata keçirməyi, o cümlədən 48 quyu üçün nəzərdə tutulan yeni hasilat platforması inşa etməyi və bir sıra digər işlər görməyi planlaşdırır. Bu, 2060-cı ilə qədər AÇG blokundan ümumlikdə 1,2 mlrd. tona qədər neft hasil etməyə imkan verəcək (artıq hasil edilmiş həcm nəzərə alınmaqla)”, - deyə X.Yusifzadə məlumat verib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
N.Abbasova