“AzReTəkrarsığorta” şirkəti tərəfindən “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin alınması üzrə sövdələşmənin dəyəri $6,5 mln.-a yaxın təşkil edib. Bu barədə cümə axşamı jurnalistlərə şirkətin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov məlumat verib.
“Hazırda şirkətin yeni strategiyasının hazırlanması, yeni ad seçimi prosesi gedir”, - deyə V.Abbasov bildirib.
Onun sözlərinə görə, çox güman ki, sığorta şirkəti əsasən korporativ seqmentdə fəaliyyətini davam etdirəcək.
V.Abbasov əlavə edib ki, “AzRe”nin Azərbaycanda digər sığorta şirkətlərinin alınmasına investisiya yatırmağı planlaşdırmır.
Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin səhmlərinin 100%-nin alınmasına dair sövdələşməni başa çatdırıb.
“Chartis Azerbaijan” “American International Group, Inc.” (AIG Inc.) şirkətinin törəməsi olub və 1999-cu ilin yanvar ayından etibarən Azərbaycanda fəaliyyət göstərib.
“Chartis Azerbaijan”ın nizamnamə kapitalı 6 mln. 786,5 min manata bərabərdir. 2015-ci ilin yanvar-avqust ayları ərzində şirkət sığorta haqqı əldə etməyib, ödənişləri 53,3 min manat olub.
Hazırda “AzReTəkrarsığorta” Azərbaycanda həyat sığortası üzrə fəaliyyət göstərən "Qala Həyat" şirkətinin də səhmdarıdır.
“AzReTəkrarsığorta” Azərbaycanda fəaliyyət göstərən yeganə təkrarsığorta şirkətidir. Şirkətin nizamnamə kapitalı 40 mln. manata bərabərdir.
A.Axundov