Avropa İttifaqı və Türkiyə Brüsseldə keçirilən sammitdə Avropaya miqrant axınının məhdudlaşdırılmasını nəzərdə tutan ilkin fəaliyyət planını razılaşdırıblar. Bu barədə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker məlumat verib.
Suriyadan artıq 2 mln.-a yaxın qaçqın qəbul etmiş Türkiyə, ilk növbədə qaçqınların qəbulu üzrə mərkəzlərin abadlaşdırılması üçün 3 mlrd. avro məbləğində yardım üçün Aİ-yə müraciət edib, eləcə də Şengen zonasına daxil olan ölkələrə səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza rejimini sadələşdirməyi xahiş edib.
BBC telekanalının məlumatına görə, Jan-Klod Yunker bildirib ki, Ankaraya göstəriləcək yardımın məbləği yaxın günlərdə ölkə rəhbərliyi ilə müzakirə olunacaq, viza rejiminin sadələşdirilməsi prosesi isə sürətləndiriləcək.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Şengen zonası çərçivəsində Türkiyə vətəndaşları üçün vizasız rejimin tətbiqi birbaşa olaraq Aİ-yə daxil olmağa çalışan miqrantların axınının qarşısının alınması üzrə tədbirlərin nə dərəcədə uğurlu olmasından asılı olacaq.
Bundan başqa, sammit iştirakçıları Türkiyənin Avropa İttifaqına daxil olmasına dair ərizəsinə baxılması prosesini ləngitməməyə söz veriblər.