Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Ali Neft Məktəbində (BANM) təlim kursu keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Bakı Ali Neft Məktəbində FHN-in Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və BANM-in birgə təşkilatçılığı ilə ali məktəbin tələbələri və kollektivi üçün “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib. Tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və nazirliyin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Kənan Aşurlu iştirak ediblər.
Nəzəri və praktik olmaqla iki hissədən ibarət keçirilən tədbir BANM-nin rəhbər və işçi heyəti başda olmaqla, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, nazirliyin digər 7 qurumunun, eləcə də Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının, media nümayəndələrinin və tələbələrin iştirakı ilə baş tutub.
Tədbirin nəzəri hissəsini giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, BANM-in, FHN-in və ATGTİ-nin birgə təşkilatçılığı ilə keçirilən təlim kursları tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanmasında, baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında öz töhfəsini verəcək. O, təhlükəli hadisələr zamanı necə davranılmasında, hansı tədbirlərin görülməsinin öyrənilməsində və tədris saatlarında qəfildən baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı mühafizə və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmağın əhəmiyyətini qeyd edib.
FHN Bakı Regional Mərkəzinin rəisinin 1-ci müavini, polkovnik Elşən Əliyev təqdimatla çıxış edərək tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər bu kimi məsələlərlə bağlı peşəkar səviyyədə ətraflı məlumat verib.
Ali məktəbdə keçirilən tədbirin praktik hissəsi zamanı FHN-in qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də BANM-in müəllim və tələbələrinin iştirakı ilə FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq taktiki-xüsusi təlim həyata keçirilib.
A.Zeydullayeva