2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 mlrd. 191 mln. 428,55 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,9 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib
Hesabat dövrü ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $15 mlrd. 348 mln. 453,65 min (azalma 35,72%) təşkil edib.
Bununla yanaşı, ixracın həcmi $8 mlrd. 769 mln. 941,1 min, idxalın həcmi $6 mlrd. 578 mln. 512,55 min təşkil edib. 2014-cü ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 49,47% azalıb, idxalın həcmi isə 0,87% artıb.
İxracın strukturunda 77,7% neftin, 6,57% neft məhsullarının, 2,08% təbii qazın, 1,85% meyvə-tərəvəz məhsullarının, 0,14% çayın, 1,3% bitki və heyvan mənşəli yağların, 1,93% qəndin, 0,22% spirtli və spirtsiz məhsulların, 0,82% kimya məhsullarının, 0,93% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,11% işlənməmiş gön (təbii xəzdən başqa) və dərinin, 0,28% qara metal və ondan hazırlanan məmulatların, 0,71% alüminium və ondan hazırlanan məmulatların, 5,36% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 10,76% ərzaq məhsullarının, 3,51% tütün və tütün məhsullarının, 0,37% sementin, 1,48% neft məhsullarının, 2,98% əczaçılıq məhsullarının, 2,37% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,69% odun və agac məhsullarının, 17,56% qara metal və ondan hazırlanan məmulatların, 23,29% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 16,17% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,22% mebelin, 17,6% digər məhsulların payına düşüb.
2015-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət əməliyyatlarında 3,204 min özəl və dövlət müəssisəsi və 2,762 min fiziki şəxs iştirak edib.
Həmin dövrdə Azərbaycan dünyanın 148 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 20,51%-i), Almaniya (11,51%), Fransa (6,59%) və İsrail (6,44%), əsas idxal əməliyyatlarını isə Rusiya (16,28%), Türkiyə (12,57%), ABŞ (10,22%), Almaniya (7,86%) və Yaponiya (6,47%) ilə həyata keçirib.
N.Abbasova