Azərbaycan hökuməti 2016-cı ildə idman mərc oyunlarında uduşlara vergiqoymadan dövlət büdcəsinə daxilolmaları 25 mln. manata yaxın səviyyədə qiymətləndirilir. Bu barədə cümə günü jurnalistlərə vergilər naziri Fazil Məmmədov bildirib.
“Bu sahədə dövriyyəni 300 mln. manat səviyyəsində qiymətləndiririk. Bu həcmin təxminən 75%-i bu uduşların payına düşür. Uduşun dəyərinin 10%-i həcmində vergi dərəcəsi tətbiq olunduqda dövlət büdcəsinə daxilolmalar 25 mln. manata yaxın təşkil edəcək”, - deyə F.Məmmədov qeyd edib.
O, həmçinin idman mərc oyunları sahəsində hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınan qanunsuz əməliyyatların olduğunu da qeyd edib.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti idman mərc oyunlarında uduşlara 10% həcmində vergi tətbiq etməyi təklif edir. Bu vergi dərəcəsi cümə günü parlamentin İqtisadi Siyasət Komitəsinin iclasında baxılmış Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.
Bu dəyişikliklər parlament tərəfindən qəbul olunacağı halda 1 yanvar 2016-cı il tarixindən etibarən qüvvəyə minəcək.
A.Axundov