Trans-Adriatik qaz kəmərinin tikinti layihəsi üzrə konsorsium (Trans Adriatic Pipeline, TAP) İtaliyanın iki şirkəti ilə 48 və 36 düymlük fitinqlərin, izolyasiyaedici qovuşuqların və tələlərinlayihələndirilməsi, hazırlanması və tədarükü haqqında 3 müqavilə imzalayıb. Bu barədə konsorsiumun məlumatında deyilir.
“Bu avadanlıq müxtəlif əsas funksiyaları yerinə yetirəcək və layihənin texniki xüsusiyyətinə uyğun olaraq qaz kəmərinin marşrutu üzrə quraşdırılacaq”, - deyə məlumatda bildirilir.
Birinci müqavilə "Industria Meccanica Bassi S.p.A" şirkəti ilə imzalanıb. Müqavilə 36 və 48 düymlük üçağızlı boruların və müxtəlif xarakteristikalı qaynaq olunmuş dirsəklərin layihələndirilməsi, istehsalı və tədarükünü nəzərdə tutur. Bu şirkətlə bağlanmış ikinci müqavilədə isə tələlərin layihələndirilməsi, istehsalı və tədarükü nəzərdə tutulur.
"Nuova Giungas s.r.l." şirkəti ilə imzalanmış müqavilə ilə boru kəmərinin korroziyaya uğramasının qarşısını almaq üçün nəzərdə tutulan 36 və 48 düymlük izolyasiyaedici qovşaqların layihələndirilməsi, istehsalı və tədarükü həyata keçiriləcək.
Məlumatda TAP-ın idarəedici direktoru Yan Bredşouya istinadən bildirilir ki, satınalmaların qrafikinə uyğun olaraq TAP konsorsiumu 2015-ci ilin sonuna qədər bir neçə iri müqavilə, o cümlədən quruda və dənizdə magistral boru kəmərlərinin layihələndirilməsi, satın alınması və tikintisi haqqında müqavilə bağlayacaq.
“Bu, planlaşdırıldığı kimi, 2016-cı ildə Yunanıstan, Albaniya və İtaliyada kəmərin tikintisinə başlamağa imkan verəcək”, - deyə Y. Bredşou bildirib.
Xəbər verildyi kimi, TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında paylar aşağıdakı şəkildə bölünüb: SOCAR (20%), BP (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Enagás” (16%) və “Axpo” (5%).
N.Abbasova