Dünyanın böyük korporasiyaları konyunkturanın yaxşılaşmayacağı təqdirdə Rusiyadakı iştiraklarını azalda bilərlər. Bu barədə “Global Counsel” konsaltinq qrupu məlumat verir. Qrupun araşdırmaları bazar ertəsi “The Financial Times”da dərc edilib.
“Global Counsel” 46 qlobal korporasiyanın, o cümlədən BP, “Shell”, “Siemens”, “Lafarge”, “Deutsche Bank”ın maliyyə hesabatlarını analiz edərək belə nəticəyə gəlib ki, hazırda Rusiya yol ayrıcındadır.
Şirkətlərin əksəriyyəti daha çox rus rublunun zəifləməsindən narahatdır. Maliyyə və energetika sektorunda fəaliyyət göstərən şirkətlər məsələyə daha bədbin yanaşır. Əczaçılıq firmaları isə daha nikbindir. Rusiya bazarında mövqelərini möhkəmləndirə bilmiş “Renault” şirkətinin vəziyyəti də yaxşıdır.
“Növbəti 18 ay Rusiya bazarından getməyi qərara almış investorlar üçün həlledici olacaq”,- deyə “Global Counsel” qrupunun baş iqtisadçısı Qreqor İrvin bildirib.