Oktyabrın 17-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli dövlət xadimi və ədib Nəriman Nərimanovun anadan olmasının 145-ci ildönümü qeyd olunub. Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib.
“N.Nərimanov ötən əsrin əvvəllərində Azərbaycan naminə fədakarlıqla çalışan və bu yolda həyatını qurban verən böyük şəxsiyyətlərdən biridir”,- deyə V.Talıbov çıxışı zamanı bildirib.
“1919-cu ildə Rusiya xalq xarici işlər komissarının müavini vəzifəsinə təyin edilən N.Nərimanov 1920-ci ildən Azərbaycan Xalq Komissarları Sovetinin sədri, 1922-ci ildən ömrünün sonunadək – 1925-ci ilədək keçmiş Sovetlər Birliyinin ali qanunverici orqanının – Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri olmuşdur. 54 il ömür yaşayan N.Nərimanov Azərbaycana düşmən qüvvələrin təzyiqi altında yaşamış və işləmiş, lakin Azərbaycanın haqq işi uğrunda mübarizədən çəkinməmiş, öz missiyasını axıradək yerinə yetirmişdir”,- deyə o bildirb.
Qeyd olunub ki, N.Nərimanovun ədəbi-publisistik fəaliyyəti də maarifçi məzmun daşımış, cəmiyyəti nadanlıqdan qurtarmaq, ictimai problemləri diqqətdə saxlamaq məqsədinə xidmət etmişdir.
“N.Nərimanov Azərbaycan dilinə və dinə qayğı ilə yanaşmışdır. Onun fərmanı ilə Azərbaycan dili dövlət dili statusu almışdı. Bakıdakı Təzəpir məscidini bərpa etdirən Nərimanov on birinci ordu tərəfindən tutulmuş məscidləri boşaltdırmış, müqəddəs yerlərin və ziyarətgahların qorunması, Novruz, Qurban və Ramazan bayramlarının istirahət günü elan edilməsi barədə xüsusi sərəncam vermişdi. O, Azərbaycanın müstəqil xarici siyasət aparmasının tərəfdarı olmuşdur. Bolşeviklər Azərbaycanın Rusiyanın muxtar əyaləti olmasını istəyirdilər, N.Nərimanov isə əksinə, Azərbaycanın müstəqil sovet respublikası olmasına çalışırdı”,- deyə natiq bildirib.
“Azərbaycanın ərazi bütövlüyünün qorunması N.Nərimanovun qarşısında dayanan əsas məsələlərdən biri idi. O, Azərbaycanda hakimiyyətə gələrkən İrəvan və Dərbənd artıq itirilmişdi. Naxçıvan, Zaqatala, Zəngəzur, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. Nərimanovun səyi nəticəsində Naxçıvan, Qarabağ və Zaqatala Azərbaycanın tərkibində saxlanmışdı. Nərimanov Azərbaycana elə bir dövrdə rəhbərlik etmişdir ki, qismətinə taleyüklü problemlərin həlli kimi ağır vəzifələr düşmüşdür. O, sovet rejiminin yaratdığı imkan daxilində bu vəzifənin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanın gələcəyini düşünmüş, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışmışdır”, - deyə V.Talıbov nitqində qeyd edib.
O bildirib ki, N.Nərimanovun Azərbaycan xalq1ına və mədəniyyətinə yenidən qaytarılmasında eks prezident Heydər Əliyevin böyük rolu olub.
“Ümummilli liderin təşəbbüsü ilə 1972-ci ildə N.Nərimanova siyasi bəraət alıb və onun 100 illik yubileyi qeyd edilib. Bakıda N.Nərimanovun abidəsi qoyulub, ev muzeyi açılıb”,- deyə V.Talıbov söyləyib.
Sonda N.Nərimanovun “Nadanlıq” pyesi əsasında hazırlanmış “Nadanlıq və ya qəfil telefon zəngi” tamaşasına baxış olub.
Q.Hüseynova