Azərbaycan-Gürcüstan münasibətlərinin müqavilə-hüquq bazasına müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair 100-dən artıq sənəd daxildir. Azərbaycan parlamentinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov bazar ertəsi Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşdə bildirib.
“Bugünədək ölkələrimiz arasında 107 sənəd imzalanıb. İqtisadi sahədəki əməkdaşlığımız, irimiqyaslı layihələrin həyata keçirilməsindəki birgə fəaliyyətimiz həqiqətən təqdirəlayiqdir”, - deyə Milli Məclisin sədri vurğulayıb.
O, Azərbaycan tərəfinin Gürcüstanla müxtəlif sahələrdə, o cümlədən parlamentlər səviyyəsində gələcəkdə də əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyib.
O.Əsədov iki dövlət arasında tərəfdaşlığın strateji xarakter daşıdığını vurğulayıb.
“Biz Azərbaycanı özümüzə dost, strateji tərəfdaş hesab edirik. İnanırıq ki, birgə həyata keçirməkdə olduğumuz layihələr münasibətlərimizi daha da möhkəmləndirəcək”, - deyə G.Kvirikaşvili bəyan edib.
R.Babayev