Azərbaycanda sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılığın (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Bazar ertəsi prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq nazirlik tərəfindən zəruri hesab edildikdə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyi alına bilər.
Bundan başqa, prezident tərəfindən nazirliyə xüsusi razılığın (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” (Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) mərkəzlərində həyata keçirilməsi həvalə olunub.
İqtisadiyyat və Sənaye Nazirliyinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi tapşırılıb.
Bununla yanaşı, dövlət başçısı nazirliyə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirməyi tapşırıb.
A.Axundov