Yanvar-sentyabr aylarında “Şahdəniz” yatağının işlənməsi çərçivəsində Azərbaycan qazının Türkiyəyə ixracı 4 mlrd. 239,9 mln. kubmetr, Gürcüstana 519,7 mln. kubmetr təşkil edib. Bu barədə energetika naziri Natiq Əliyev qeyd edir.
“2015-ci ilin 9 ayı ərzində Azərbaycanda 21,6 mlrd. kubmetr qaz hasil olunub, bunun 16,4 mlrd. kubmetri “Şahdəniz” yatağından və “Azəri-Çıraq-Günəşli” blokundan hasil edilib”, - deyə N.Əliyev rəsmi “Respublika” qəzetində dərc edilmiş məqaləsində bildirib.
O vurğulayıb ki, hazırda Azərbaycanda sutkalıq qaz hasilatının həcmi 89 mln. kubmetr təşkil edir.
N.Əliyev qeyd edib ki, 2015-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından hasil edilən 4 mlrd. 239,9 mln. kubmetr qaz Türkiyəyə ixrac olunub. Gürcüstana qaz ixracı 519,7 mln. kubmetr təşkil edib. Bundan başqa, SOCAR “Şahdəniz”dən hasil olunan 2 mlrd. 315,4 mln. kubmetr qaz əldə edib.
Nazir vurğulayıb ki, cari ilin 9 ayı ərzində əhaliyə, sənaye müəssisələrinə və ixraca 10 mlrd. 402,8 mln. kubmetr qaz yönəldilib. “Bu, proqnozdan 674 mln. kubmetr və ya 6,9% çoxdur”, - deyə N.Əliyev qeyd edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “Petronas” (15,5),“LUKoil” (10%), NICO (10%) və TPAO (9%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qazdəyəri $4,1 mlrd. təşkil edən “Mərhələ-1” çərçivəsində hasil edilir. “Mərhələ-1” çərçivəsində hasilatın ən yüksək səviyyəsi ildə 9 mlrd. kubmetr təşkil edir, lakin bu həcmin 10,4 mlrd. kubmetrə qədər artırılması planlaşdırılır.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.
A.Əzizov