Çərşənbə axşamı Milli Məclis plenar iclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il üçün kəsirsiz büdcə layihəsini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
DSMF-in 2016-cı il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 78,6 mln. manat səviyyəsində təsdiq edilib ki, bu da 2015-ci ilin göstəricilərindən 0,7% çoxdur.
Gələn il üçün fondun gəlirləri strukturunda 1,1 mlrd. manat (2015-ci ildəki səviyyədə) və ya bütün gəlirlərin 35,6%-i dövlət büdcəsindən transfertlərin hesabına formalaşacaq.
Bundan başqa, DSMF-ə icbari dövlət sosial sığorta üzrə ayırmalar və digər gəlirlər 1 mlrd. 978,6 mln. manat və ya bütün gəlirlərin 64,4%-i səviyyəsində proqnozlaşdırılır (artım 1,4%).
Fondun xərcləri strukturunda pensiya ödənişləri üçün xərclər 2 mlrd. 923,6 mln. manat (bütün xərclərin 95,5%-i), sosial ödənişlərin, müavinətlərin ödənilməsi və DSMF-in mərkəzi aparatı və yerli orqanlarının saxlanması xərcləri 155 mln. manat səviyyəsində (bütün xərclərin 5%-i) proqnozlaşdırılır.
2015-ci il üçün DSMF-in kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 56 mln. 285,7 min manat səviyyəsində təsdiq edilib.
A.Axundov