Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında 2016-cı ilin dövlət büdcəsi layihəsi təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Layihəyə əsasən, gələn ilin dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat (2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə azalma 25,1%), xərcləri 16 mlrd. 264 mln. manat (azalma 22,9%), kəsiri 1 mlrd. 698 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.
2016-cı ilin dövlət büdcəsi bir barel neftin orta qiyməti $50 səviyyəsində olmaqla hazırlanıb.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 mlrd. 602 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 1 mlrd. 590 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bundan başqa, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 6 mlrd. manat səviyyəsində nəzərdə tutulub. Qalan məbləğ digər gəlirlərin payına düşür.
Xərclərin strukturunda ümumdövlət xərcləri 2 mlrd. 416,9 mln. manat səviyyəsində nəzərdə tutulur, müdafiə sahəsinə 1 mlrd. 837,8 mln. manat, təhsil sahəsinə 1 mlrd. 713,5 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd. 896,6 mln. manat, səhiyyə sahəsinə 744,9 mln. manat yönəldiləcək.
Bundan əlavə, gələn il üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu 3 mlrd. 554,8 mln. manat, dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər 1 mlrd. 249,8 mln. manat səviyyəsində planlaşdırılıb, qalan göstəricilər digər xərclərin payına düşür.
Maliyyə naziri Samir Şərifov iclasda qeyd edib ki, 2016-cı il üçün ümumi büdcənin xərclərinə müəyyən dəyişikliklər edilib. Xüsusilə layihə parlamentdə müzakirə olunduqdan sonra 2016-cı ildə qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi və həyat şəraitinin
yaxşılaşdırılması xərclərinin 50% - 150 mln. manatadək artırılmasına dair qərar qəbul edilib. Bu məqsədlər üçün xərclərin Dövlət Neft Fondunun (ARDNF) xərclərinin 50 mln. manat artırılması hesabına ödənilməsi planlaşdırılır. Onun sözlərinə görə, beləliklə, 2016-cı il üçün ümumi büdcənin xərclərinin yuxarı həddi 19 mlrd. 956 mln. manat, ARDNF-in gəlirləri nəzərə alınmadan ümumi büdcənin kəsiri 9 mlrd. 948 mln. manat təşkil edəcək.
A.Axundov