“AzMeCo” şirkətinin metanol zavodu Rusiyanın “Qazprom” ASC-dən qaz alışını dayandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə zavoddan məlumat verilib.
“Dünya bazarında metanolun qiymətinin ucuzlaşması ilə əlaqədar “Qazprom”dan müqaviləyə uyğun qiymətə metanol almaq “AzMeCo”ya sərf etmir. Şirkət cari şərtlərlə metanol istehsalının zərərliliyini nəzərə alaraq qaz alışını dayandırmağa dair qərar qəbil edib”, - deyə “AzMeCo”dan məlumat verilib.
Müqavilənin qüvvədə olduğu müddət ərzində “AzMeCo” Rusiyadan 100 mln. kubmetrdən artıq qaz alıb.
Xəbər verildiyi kimi, “Qazprom” və “AzMeCo” 2015-ci il sentyabrın 11-də təbii qazın tədarükü haqqında tərəfdaşlıq sazişi imzalayıblar. Təbii qazın tədarükü Qaradağ metanol zavodunun qaza olan tələbatını 100% təmin edəcək.
Qaz tədarükünə 2015-ci il sentyabr ayını sonundan başlanılıb və illik 1-2 mlrd. kubmetr həcmdə planlaşdırılırdı.
AzMeCo - mənzil qərargahı Azərbaycanda yerləşən, Rusiya, Niderland, Özbəkistan, Əfqanıstan və Türkiyədə fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət bütün beynəlxalq standartlarla sertifikatlaşdırılmış Metanol zavodunun Azərbaycanda yeganə mülkiyyətçisidir. AzMeCo zavodun tikintisinə $500 mln.-a yaxın investisiya yatırıb.
“Qazprom”un rəhbəri Aleksey Miller iyun ayında bəyan edib ki, Azərbaycan şirkətdən qaz tədarükünə başlamağı xahiş edib. “Azərbaycanın iqtisadiyyatı böyüyür, daxili tələbat artır. Söhbət ildə bir neçə milyard kubmetr qaz həcmində orta və uzunmmüddətli müqavilə əsasında tədarükün başlamasından gedir. Bu ilin sonuna qədər tədarük başlaya bilər”,- deyə o əlavə edib.
N.Abbasova