Milli Məclisin bu gün keçirilmiş plenar iclasında parlamentin 2016-cı il üçün xərclər smetası təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Parlamentin 2016-cı il üçün xərclər smetası 22 mln. 745,955 min manat səviyyəsində təsdiq edilib ki, bu da 2015-ci ilin göstəricisindən 1 mln. 61 min manat azdır.
Smetaya əsasən, deputatların, parlament aparatı əməkdaşlarının, eləcə də cəlb edilən ekspertlərin əmək haqları, əmək haqqına əlavələrdən ibarət əməyin ödənilməsi fondu bütün xərclərin 71,7%-ni təşkil edəcək.
2016-cı ildə parlamentin ezamiyyət xərclərinin ödənilməsinə 1 mln. 273 min manat, xarici nümayəndə heyətlərinin Azərbaycana səfəri zamanı mehmanxana və digər xidmətlərin ödənilməsinə 980 min manat vəsaitin yönəldilməsi planlaşdırılır.
Parlament Hesablama Palatasının 2016-cı il üçün xərclər smetasını 3 mln. 825,5 min manat səviyyəsində təsdiq edib ki, bu da 2015-ci ilin göstəricisindən 66,6 min manat azdır.
Smetaya əsasən, xərclərin 83,3%-i Hesablama Palatasının əməkdaşlarının, ştatdankənar işçilərin əmək haqlarının, icbari sosial sığorta və digər ödənişlərin daxil olduğu əməyin ödənilməsi fonduna yönəldiləcək.
A.Axundov