Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında Azərbaycan və ABŞ arasında “Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act, FATCA) üzrə hökumətlərarası saziş” ratifikasiya edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Saziş 9 sentyabr 2015-ci il tarixində Bakıda imzalanıb.
Sənədə əsasən, sazişin icrasına görə müvəkkil orqanlar Azərbaycan Vergilər Nazirliyi və ABŞ-ın Daxili Gəlirlər İdarəsidir.
Saziş FATCA çərçivəsində fiziki və hüquqi şəxslərin hesablarının yoxlanıla biləcəyi meyarları (hesablarda qalıqların məbləği) müəyyən edir.
2014-cü il mayın 16-da Azərbaycan ABŞ-la FATCA üzrə tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilib.
FATCA ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilib. Bu akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır. İstənilən dövlətin qanunun tələblərinə əməl etməyən, yəni İRS-lə əməkdaşlıq etməyən maliyyə institutlarına ABŞ-dakı və FATCA-ya əməl etmək öhdəliyini qəbul etmiş digər dövlətlərdəki maliyyə institutlarında olan müxbir hesablar vasitəsilə edilən ödənişlərdən müxbir hesabın yerləşdiyi maliyyə institutu tərəfindən ödəmə mənbəyində 30% vergi tutularaq İRS-ə köçürülməlidir. FATCA 2014-cü il iyulun 1-dən qüvvədədir.
A.Axundov