Azərbaycan və Kosta-Rikanın Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin aparılmasına dair sənəd imzalanıb. Bu barədə jurnalistlərə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov məlumat verib.
“Azərbaycan və Kosta-Rika arasında vizasız rejimin tətbiq edilməsinə dair təklif səsləndirilib. Hazırda Azərbaycan tərəfi bu sənədə baxır”,- deyə o, çərşənbə axşamı Kosta-Rikanın xarici işlər və etimad naziri Manuel Qonsales Sansla birgə brifinq zamanı qeyd edib.
XİN başçısı deyib ki, bu gün qonaq ADA universiteti ilə tələbə mübadiləsinə dair sənəd imzalayacaq.
Öz növbəsində M.Sans bildirib ki, Kosta-Rika Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səylərin gücləndirilməsini dəstəkləyir.
“Biz beynəlxalq hüquq çərçivəsində Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri dəstəkləyirik. Artıq 25 il davam edən münaqişəyə baxmayaraq, Azərbaycan iqtisadi sahə də daxil olmaqla bütünlüklə inkişaf edib”, - deyə M.Sans bildirib.
O qeyd edib ki, Kosta-Rika beynəlxalq hüquqa inanır və BMT çərçivəsində atılan sülhməramlı addımları yüksək qiymətləndirir.
F.İsazadə