İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Naxçıvan Muxtar Respublikası ilə müxtəlif sahələrdə əlaqələri uğurla inkişaf edir. Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə ilə görüş zamanı bildirib.
Əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və birgə səylərin vacibliyini vurğulayan Ali Məclisin sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan Vilayəti arasında əlaqələrin bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib.
Naxçıvanın inkişaf etdiyini və müasirləşdiyini bildirən ostandar Şərqi Azərbaycan Vilayətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb, əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Q.Hüseynova