“Azərkosmos” SC və “Kazakhstan Gharysh Sapary” birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edib. Bu barədə “Azərkosmos” SC-nin məlumatında deyilir.
“Çərşənbə axşamı Bakıda keçirilmiş görüş zamanı hər iki şirkətin nümayəndələri birgə layihələrin təşkili və “Azersky” peykindən birgə istifadə imkanlarını müzakirə ediblər”,- deyə məlumatda bildirilir.
Görüş zamanı qeyd edilib ki, “Kazakhstan Gharysh Sapary” SC Qazaxıstan hökumətinin 17 mart 2005-ci il tarixli qərarı ilə ölkədə kosmik fəaliyyətin inkişaf etdirilməsi və bu sahədə əməliyyatların aparılması məqsədi ilə yaradılıb. Şirkətin fəaliyyətinin əsas istiqamətini kosmik layihələr üçün texniki avadanlığın istehsalı, orbitə buraxılması və s. təşkil edir.
Xəbər verildiyi kimi, 2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
N.Abbasova