Ermənistan cəmiyyətinin siyasi xadimlərdən fərqli olaraq Rusiyadan Qarabağ məsələsi ilə bağlı digər gözləntiləri var. Bu barədə Ermənistan parlamentinin spikeri Qalust Saakyan çərşənbə axşamı Cenevrədə Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinlə görüş zamanı bəyan edib.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, Q.Saakyan qeyd edib ki, Azərbaycan ağır silahlardan istifadə edərək atəşkəs rejimini pozmağa davam edir.
“Biz, siyasi xadimlər, yəqin ki, Rusiyanın hansı səbəbdən Azərbaycanın hərəkətləri ilə bağlı daha sərt reaksiya verməməsini anlayırıq. Lakin Rusiyanı qardaş dövlət kimi qəbul edən Ermənistan cəmiyyətinin başqa gözləntiləri var”, - deyə Q.Saakyan bəyan edib.
Öz növbəsində S.Narışkin qeyd edib ki, Rusiya tezliklə Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini və Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasını arzu edir.
Ermənistan parlamentinin mətbuat xidmətinin məlumatına görə, Q.Saakyan deyib ki, Ermənistan RF ilə bütün sahələr üzrə əməkdaşlığın genişlənməsinə böyük önəm verir.
“Beynəlxalq strukturlarda ölkələrimizin qarşılıqlı əlaqələrini genişləndirmək və dərinləşdirmək lazımdır. Bir daha beynəlxalq parlament meydançalarında səmərəli əməkdaşlığın davam etdirilməsinə hazır olduğumuzu təsdiq edirəm”, - deyə Ermənistan parlamentinin spikeri qeyd edib.
O, həmçinin söyləyib ki, Ermənistan parlamentlərarası ittifaqda Rusiyanın rus dilinin rəsmi və ya ünsiyyət dili olmasına dair təklifini dəstəkləyir.