Vaşinqton postsovet məkanında ərazi bütövlüyü Rusiyanın iştirakı ilə pozulmuş müttəfiqlərini qəti şəkildə müdafiə etməlidir. ABŞ-da fəaliyyət göstərən “ABŞ Azərbaycanlıları Şəbəkəsi” (USAN) diaspor təşkilatının təsisçilərindən olan Yusif Babanlı belə söyləyib.
“ABŞ bizim müttəfiqlərimizə - Moldova, Ukrayna, Azərbaycan və Gürcüstana siyasi və diplomatik dəstək göstərməli və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin istənilən şəkildə pozulmasını qınamalıdır”,- deyə Y.Babanlının ABŞ Konqresinin mətbu orqanı olan “The Hill” qəzetində dərc edilmiş məqaləsində bildirilir.
“Biz müttəfiqlərimizi inandırmalıyıq ki, Rusiya öz müttəfiqlərini müdafiə etdiyi kimi biz də qətiyyətlə onların müdafiəsindəyik”, - deyə o vurğulayıb.
O xatırladıb ki, 2014-cü ilin mart ayında “Moskva qanunsuz şəkildə Ukrayna ərazisini - Krımı ilhaq edib və Ukraynada separatçı münaqişələrin yaranmasına səbəb olub. Bununla yanaşı, müəllif qeyd edib ki, 1990-cı illərdə Rusiya Dağlıq Qarabağda, Dnestryanı ərazilərdə, Cənubi Osetiyada və Abxaziyada separatçıları dəstəkləyib və bu problemlər hələ də Azərbaycan, Moldova və Gürcüstanın baş ağrısı olaraq qalmaqdadır.
F.Hüseynzadə