Rusiyanın “Yamal” aviaşirkəti Perm-Bakı marşrutu üzrə reyslər həyata keçirməyi planlaşdırır. Bu barədə “Kommersant” qəzeti məlumat verir.
RusiyaFederal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) daşıyıcılara beynəlxalq hava reysləri yerinə yetirməyə icazə verən idarələrarası komissiyası “Yamal” şirkətinin Perm-Bakı reysini açmaq təklifini dəstəkləyib. Şirkət həftədə iki dəfə uçuşlar həyata keçirməyi təklif edir”, - deyə qəzet yazıb.
Aviaşirkətin planlarına əsasən, Bakıya uçuşlar “A 320” layneri ilə həyata keçiriləcək.
“İjavia” şirkətinin də Permdən Bakıya uçuşlar həyata keçirmək hüququ var, lakin hələ ki, reys açılmayıb.
“Rosaviasiya”nın saytında verilən məlumata görə, RF-nin müxtəlif şəhərlərindən Bakıya reyslər həyata keçirmək üçün 4 aviadaşıyıcıya - “Yamal”, “Ural Hava Yolları”, “Taymır” və “Komiaviatrans” şirkətlərinə icazə verilib.
İdarənin məlumatına əsasən, “Yamal” aviaşirkətinə Kazan-Bakı (həftədə 2 dəfə), Moskva-Lənkəran (həftədə 2 dəfə), Sankt-Peterburq-Lənkəran (həftədə 2 dəfə), Ufa-Bakı (həftədə 2 dəfə), Çelyabinsk-Bakı (həftədə 2 dəfə), Perm-Bakı (həftədə 2 dəfə), Soçi-Bakı (həftədə 2 dəfə), Samara-Bakı (həftədə 2 dəfə), Krasnoyarsk-Gəncə (həftədə 2 dəfə), Nijni-Novqorod-Bakı (həftədə 2 dəfə) reyslərini həyata keçirmək üçün icazə verilib.
“Taymır” aviaşirkəti Moskva-Zaqatala (həftədə 3 dəfə), Moskva-Qəbələ (həftədə 3 dəfə), Moskva-Lənkəran (həftədə 3 dəfə) reyslərini yerinə yetirəcək.
“Komiaviatrans” aviaşirkəti Kaluqa-Bakı (həftədə 1 dəfə), Samara-Bakı (həftədə 1 dəfə), Nijni- Novqorod-Bakı (həftədə 1 dəfə) marşrutları üzrə uçuşlar həyata keçirəcək.
“Ural Hava Yolları” aviaşirkətinə isə Kazan-Bakı marşrutu üzrə reyslər yerinə yetirmək üçün icazə verilib. Şirkət həftədə 5 dəfə uçuşlar həyata keçirməyi planlaşdırır.
N.Abbasova