Azərbaycan tərəfi Avropa Liqasının qrup mərhələsində “Qəbələ” komandası ilə görüşəcək “Borussiya” (Dortmund) futbol komandasının bütün üzvlərinin təhlükəsizliyini təmin etməyə hazırdır. Bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov söyləyib.
“Beynəlxalq yarışlarda bu məsələ qaldırılanda Azərbaycan təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi yanaşdığını dəfələrlə nümayiş etdirib. Əgər hansısa komanda hansısa səbəbdən bu və ya digər oyunçunu gətirmirsə, bu, bizim problemimiz deyil.”,- deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsi (BOK) və digər beynəlxaq idman federasiyaları ilə yarışlarda bütün idmançıların təhlükəsizliyinin təmin edilməsi üzrə birgə memorandumlar imzalayıb.
“Bildiyiniz kimi, Azərbaycanda ilk dəfə güləş üzrə dünya çempionatı keçiriləndə Ermənistanı təmsil edən komanda Bakıya gəlmişdi. Biz BOK ilə birgə memorandum imzaladıq, yəni dövlətimiz tərəfindən təhlükəsizliyə tam zəmanət verildi”,- deyə A.Rəhimov qeyd edib.
O, həmçinin söyləyib ki, Ermənistanda cüdo üzrə beynəlxalq yarışlar keçirilərkən özü şəxsən İrəvanda olub.
“Yəni idman sahəsində ikitərəfli təhlükəsizliyin təmin edilməsi formatı həll edilib”,- deyə nazir qeyd edib.
Bir gün əvvəl Dortmundun “Borussiya” komandasının icraçı direktoru Hans Yoaxim Vatskenin adından yayılan məlumatda bildirilib ki, Almaniya klubunun və Ermənistan yığma komandasının oyunçusu Henri Mxitaryan Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” komandası ilə keçiriləcək oyunda iştirak etməyə bilər.
“Qəbələ” və “Borussiya” komandalarının oyunu oktyabrın 22-də Bakıda keçiriləcək.
R.Babayev