Nizami Kino Mərkəzində “50 ilin sehri” adlı sənədli filmin təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyinə həsr olunmus “50 ilin sehri” adlı sənədli filmin təqdimatı olub. Film şimal-qərb bölgəsini əhatə edən"Kanal–S"televiziya şirkətinin dəstəyi ilə çəkilib.
"Kanal–S"televiziya şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirdə xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi yad edilib. Xalq artisti ilə olan görüşdən kadrlar nümayiş olunub.
Filmdən sonra çıxış edənlər filmin rejissoru Əlisəttar Atakişiyevi, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç və Hüseynağa Sadıxov kimi sənətkarları yad ediblər.
Film Tural Məmmədovun ideya müəllifliyi əsasında rejissor Mayis Zeynalov tərəfindən çəkilib.
Filmdə çəkilmiş aktyorlar S.Hətəmova, Y.Şeyxov, A.Mustafayeva çəkilişlər haqqında xatirələrini danışıblar.
Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, sənət adamları, “Kanal-S” əməkdaşları və digər qonaqlar iştirak ediblər.
A.Zeydullayeva