Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qarabağ münaqişəsi zonasında vurulan güclü zərbələrdən sonra erməni tərəfinin panikada olduğunu bəyan edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Qısa bir müddətdə erməni tərəfinə güclü zərbə vurmuşuq və qarşı tərəf panikadadır”, - deyə Z.Həsənov Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən yaşayış binasının açılış mərasimində bildirib.
Nazir Azərbaycan torpaqlarının azadlığı uğrunda düşmənə vurulacaq zərbədə əsas rolu o cümlədən Hərbi Hava Qüvvələrinin yerinə yetirəcəyinə və Azərbaycan xalqının, prezidentin etimadını doğruldacağına əminlik ifadə edib.
“İlin sonuna kimi yalnız Bakı qarnizonunda 500-dən artıq yeni xidməti mənzilin istifadəyə verilməsini planlaşdırırıq. Hərbi Hava Qüvvələrinin digər aviabazalarında hazırda 3 yaşayış binasının tikintisi davam etdirilir. Bu ilin sonunadək biz 10-dək yeni hərbi hissənin açılışında iştirak edəcəyik”, - deyə Z.Həsənov vurğulayıb.
Onun sözlərinə görə, Ali Baş Komandan Silahlı Qüvvələrin bütün infrastrukturunun yenilənməsi ilə bağlı tapşırıq qoyub.
Nazir vurğulayıb ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan gələn il üçün hərbi xərclərini yenə də artırdı. Silahlı Qüvvələrin möhkəmləndirilməsinə böyük diqqət yetirilir.
R.Babayev