Cakarta Azərbaycanla insan hüquqları sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş zamanı bəyan edib.
N.Xolis ölkəmizə səfərinin əsas məqsədinin Xocalı soyqırımının araşdırılması, bununla bağlı təsdiqləyici faktların toplanaraq dünyaya tanıdılmasından ibarət olduğunu bildirib.
Öz növbəsində X.Xələfov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edərək Azərbaycanın İndoneziya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu və iqtisadi sahədə, xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında danışan X.Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qaneedici olmadığını deyib. BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı təsirli mexanizmlərinin olmadığını, təcavüzkarın cəzalandırılması ilə bağlı iradəsizlik nümayiş etdirildiyini təəssüflə bildirib.
XİN başçısının müavini Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, Azərbaycanın hüquqlarının bərpa edilməsi üçün hökumətimiz tərəfindən beynəlxalq səviyyədə göstərilən səylərdən danışdı. O, bu xüsusda Xocalı soyqırımı ilə əlaqədar bir sıra ölkə parlamentlərində qəbul edilmiş qətnamələri, həmçinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qətnaməni diqqətə çatdırıb.
Görüş əsnasında regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev