Almaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşları $475 mln. təşkil edib ki, bunun da $345 mln.-u qeyri-neft sektoruna yatırılıb. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) direktoru Rüfət Məmmədov cümə axşamı Almaniya-Azərbaycan biznes forumunda çıxışı zamanı məlumat verib.
“İndiyədək Almaniya şirkətləri Azərbaycana $475 mln. vəsait yatırıblar, bunun $345 mln.-u iqtisadiyyatın qeyri-neft sektorunun payına düşüb”, - deyə R.Məmmədov bildirib.
Onun sözlərinə görə, 2014-cü ilin yekunları üzrə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi $2,6 mlrd., 2015-ci ilin yanvar-avqust ayları ərzində $1,5 mlrd. təşkil edib. “Bu, yaxşı göstəricidir, lakin gələcək artım üçün perspektivlər var”, - deyə o qeyd edib.
R.Məmmədov vurğulayıb ki, ticarət dövriyyəsinin əsas hissəsi Azərbaycandan Almaniyaya neft və neft məhsullarının tədarükünün payına düşür. Hər iki tərəf qarşılıqlı ticarətdə qeyri-neft sektorunun payını artırmağa çalışır.
“Azərbaycanda Almaniya investisiyaları ilə 183 şirkət qeydiyyatdan keçib, Almaniyanın daha çox sayda qeyri-rezident şirkəti Azərbaycanla çalışır”, - deyə R.Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Almaniya arasında 90-a yaxın, o cümlədən “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması və gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” hökumətlərarası saziş imzalanıb.
Reynland-Pfalts Federal Torpağının İqtisadiyyat,
İqlim Mühafizəsi, Enerji və Regional Planlaşdırma Nazirliyinin nümayəndəsi Co Vaynqarten bəyan edib ki, bu regionun iş adamları Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar və onların bir hissəsi keçirilən biznes forumda iştirak edir. O deyib ki, cümə axşamı nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirəcək.
“Bu, 2012-ci ildən etibarən Reynland-Pfalts Federal Torpağının nümayəndə heyətinin Azərbaycana üçüncü səfəridir. Bu, Azərbaycana olan yüksək maraqdan xəbər verir”, - deyə C. Vaynqarten bildirib.
Biznes forumun təşkilatçısı Almaniya-Azərbaycan Xarici Ticarət Palatasıdır.
A.Axundov