“Unibank”ın internet-bankinq xidmətlərindən istifadə edən müştərilərinin sayı hər il təxminən 18% artır. Bu barədə bankın məlumatında bildirilir.
““Unibank” hüquqi şəxslər üçün internet-bankinq xidmətlərini təkmilləşdirib. Bundan sonra bankın korporativ müştəriləri şirkət hesablarını internet vasitəsi ilə daha çevik və təhlükəsiz idarə edə biləcəklər”,- deyə məlumatda qeyd edilir.
Bank korporativ müştərilər üçün yeni “Tokenlərin autentifikasiyası” funksiyasını təqdim edib.
“Artıq bank müştəriləri internet-bankinq xidmətinə yalnız şəxsi sertifikat vasitəsi ilə deyil, həm də token vasitəsi ilə daxil ola biləcəklər. Token-kompüterə qoşulmayan, 30 saniyə ərzində etibarlı olan birdəfəlik parol yaradan müstəqil vasitədir ki, hesabların maksimal qorunmasını təmin edir”, - deyə məlumatda bildirilir.
“Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın nizamnamə kapitalında 66,21% fiziki şəxslərə, 33,79% hüquqi şəxslərə, 12,15% AYİB-ə, 6,68% DEG-ə (Almaniya) məxsusdur.
A.Axundov