Bakı Dövlət Universiteti artıq ikinci ildir ki, “QS Quacquarelli Symonds” şirkətinin tərtib etdiyi Şərqi Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin reytinq siyahısında yer tutub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə universitetin mətbut xidmətindən məlumat verilib.
Bakı Dövlət Universiteti bu reytinqdə 83-cü yerdə qərarlaşıb. Reytinqin tərtib olunmasında akademik heyətin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiya, sitat gətirilmə indeksi, xarici müəllim və tələbələrin payı əsas meyar olaraq götürülür. Universitetin mətbuat xidmətindən qeyd olunub ki, BDU “QS World University Rankings” şirkətinin reytinqinə düşüb.
Mətbuat xidməti xatırladır ki, bu tədris ili ərəfəsində "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında “Round University Ranking” tərəfindən hazırlanan reytinqində də BDU dünyanın 750 universiteti sırasında 656-cı yerdə qərarlaşıb. Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilənAkademik Perspektivləri üzrə Beynəlxalq İnstitutunun (URAP) bu ilin iyun ayında açıqladığı reytinqə görə də 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısına Azərbaycan universitetlərindən yalnız Bakı Dövlət Universiteti düşmüşdü.
F.Hüseynzadə