İlin əvvəlindən Bakının hüquq-mühafizə orqanları tərəfindən soyğunçuluq, quldurluq və oğurluq cinayətləri törədən 70-ə yaxın cinayətkar qrup zərərsizləşdirilib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov cümə axşamı 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib.
Bakı Şəhər BPİ-nin mətbuat xidmətinin məlumatına görə, bu il Bakıda 45 soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 84 oğurluq törətmiş 69 nəfərdən ibarət 29 cinayətkar qrup yaxalanıb.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində DİN və Prokurorluq üzrə 8,706 cinayət qeydə alınıb ki, onların da 81,6%-i (7,104-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 18,4%-i isə (1,602-i) ağır və xüsusilə ağır növlər olub.
Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 9,5%, qəsdən sağlamlığa ağır zərər vurmalar 9,7%, adam oğurluğu faktları isə 2 dəfə azalıb.
Cari ilin 9 ayı ərzində cinayətlərin 75,9%-i (ötən il 70,1%), ağır növlərinin 77,9%-i (72,4%), şəxsiyyət əleyhinə olan 1402 cinayətdən 92,3%-i (91,2%), o cümlədən adam öldürməyə cəhdlərin 89,5%-i açılıb.
R.Babayev