Müdafiə Sənayesi Nazirliyi cari ilin doqquz ayında uğurlu nəticələr əldə edib. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2015-ci ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya iclasında məlumat verib.
Hesabat dövründə nazirliyin müəssisələrində 2015-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Mülki məmulatların istehsalının genişləndirilməsi davam etdirilib. Mülki məhsulların istehsalı üzrə proqnoza 102,5% əməl edilib.
Cari ildə istehsal olunan məmulatların 86%-ni müdafiə və xüsusi təyinatlı, 14%-ni isə mülki məmulatlar təşkil edir.
2015-ci ilin istehsal proqramına uyğun olaraq doqquz ayda nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Hesabat dövründə qumbaraatanlar üçün atəş yığımlarının və minalar üçün partladıcıların istehsalı mənimsənilib və seriyalı istehsala verilib.
Kollegiyada qeyd olunub ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” II Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir. Artıq 100-dən artıq beynəlxalq şirkətin sərgidə iştirak üçün qeydiyyatdan keçdiyi bildirilib.
Y.Əliyev