Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarılmasında əhəmiyyətli rol oynayır. Bunu Ermənistan prezidenti Serj Sarqsyan deyib.
“Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışında, eləcə də regionda sabitliyin qorunub saxlanılması məsləsində vacib rol oynayır”, - deyə S.Sarqsyan cümə günü İrəvanda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının beynəlxalq forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti ənənəvi olaraq regionumuzda maraqları olan güclərin qarşıdurması əsasında deyil, mehriban qonşuluq, tərəfdaşlıq, tarazlıq və uyğunluq prinsiplərinə əsaslanır.
Prezident onu da bildirib ki, İpək Yolu İqtisadi Zonası təşəbbüsü çərçivəsində layihələrin həyata keçirilməsi Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin logistika imkanlarının şaxələnməsinə imkan verəcək. “Biz bu təşəbbüs formatında iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün əhəmiyyətli potensialın olduğunu görürük. Bu, həm Ermənistanın, həm də Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin logistika imkanlarını genişləndirməyə imkan verəcək”,- deyə o qeyd edib.
S.Sarqsyanın sözlərinə görə, “Ermənistanın ikitərəfli əməkdaşlığının gündəliyində qonşu ölkələrlə - İran və Gürcüstanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi vacib yer tutur. Bu mənada İranın nüvə proqramı probleminin nizamlanması, xüsusilə bizim digər qonşularımız - Azərbaycan və Türkiyə tərəfindən blokadada olduğumuz bir şəraitdə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir.